Dəyişən dünyada sabit tərəfdaş | TƏHLİL

   Dəyişən dünyada sabit tərəfdaş    | TƏHLİL
  23 Aprel 2025    Oxunub:561
Qlobal tarif münaqişəsi fonunda dövlət başçımız İlham Əliyevin Pekinə səfəri xüsusilə diqqət çəkir. Ölkəmiz ərazi və potensial baxımından aparıcı dövlətlərlə müqayisədə çox kiçik olsa da, əlverişli coğrafi mövqeyinə görə böyük nüfuz və önəm sahibidir. Çin ilə münasibətlərə Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən böyük önəm verib, verir və verəcək. Bu münasibətlərin təkcə iki ölkə üçün deyil, bütün region, hətta qitələrarası əlaqələr üçün böyük əhəmiyyəti var.
Ölkəmiz bu istiqamətdə çox töhfələr ortaya qoyub. Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülən "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən olub. Söhbət sözdə deyil, əməli dəstəkdən gedir. Dövlət başçımız İlham Əliyev “Sinxua” agentliyinə müsahibəsində təsadüfən qeyd etməyib ki, Azərbaycan "Kəmər və yol" layihəsinin reallaşması üçün istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra ən çox investisiya qoyan ikinci ölkədir. Həmin layihənin gerçəkləşməsi məqsədilə özünün əlverişli coğrafi mövqeyini nəzərə alan Azərbaycan ərazimizdən yük axınını artırmaq üçün beynəlxalq nəqliyyat dəhlizlərini ən yüksək səviyyədə inkişaf etdirib, müasir infrastruktur yaradıb və onların ötürücülük qabiliyyətini artırılmasını təmin etmək üçün külli məbləğdə investisiyalar qoyub. Proses hazırda da davam edir. Misal kimi Bakı-Tbilisi-Qars dəmir yolunu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizini və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanını göstərmək olar. Bu layihələr Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirməklə etibarlı və təhlükəsiz marşrut yaradaraq, yüklərin optimal şəkildə Çindən Avropaya və əks istiqamətdə daşınmasını təmin edir.

Bunlardan əlavə, son 20 il ərzində ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb, təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib, dəmir yolu infrastrukturu yaxşılaşdırılıb - 1500 kilometrdən artıq dəmir yolu istismara verlib, 1800 kilometrlik sahə təmir olunub. Nəticədə Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi təkcə keçən il 378 min ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 86% çox deməkdir. 2024-cü ildə Çindən ölkəmizə ixrac və tranzit rejimində Orta Dəhliz vasitəsilə 287 marşrut qatarı yola salınıb.

Həm bütün qeyd olunanlar baxımından, həm də ümumiyyətlə, Çinlə əməkdaşlıq Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı üçün də çox böyük perespektivlər açır. Bu, yerli istehsalın inkişafı deməkdir.
Əvvəla, Çin ilə Avropa arasında tranzit ölkəyə çevrilməyimiz iqtisadiyyatın inkişafına təkan verəcək; bunun nəticələrini hələ qarşıda görəcəyik. Azərbaycanın inkişafı isə bütün region ölkələrinə səmərə gətirəcək. Yəni bundan qazanan tək biz deyil, Çin-Avropa xətti üzrə bütün ölkələr olacaq.
İkincisi isə, ölkəmiz ilə Çin arasında çox geniş, şaxəli iqtisadi-ticarət əlaqələri mövcuddur. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı sayılır. İdxalımızın da az qala 20%-ə yaxın hissəsi bu ölkənin payına düşür.

Biz Çindən əsas etibarı ilə qeyri-ərzaq məhsulları ixrac edirik. Bura müxtəlif növ məhsullar, o cümlədən, avtomobil, cihaz, mexaniki avadanlıq, mebel, toxuculuq, plastik mallar və sair daxildir. Yeri gəlmişkən, pandemiya ilində Çindən diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulmuşdu. Lakin real olaraq Çindən gətirilən mal və məhsulların çeşidi çoxalır.

Prezident İlham Əliyevin verdiyi məlumata əsasən hazırda iki ölkə arasında yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyalar cəlbi sahəsində birgə əməkdaşlığa dair danışıqlar aparılır. Dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur.

Son vaxtlar Çindən ölkəmizə elektromobillərin idxalı daha geniş xarakter alıb. Ümumiyyətlə, görünən budur ki, bu ölkə ilə ticarət dövriyyəmiz getdikcə daha sürətlə genişlənəcək. Bunu həm ikitərəfli münasibətlərin, qarşılıqlı əlaqələrin inkişafı, həm də beynəlxalq ticarət münasibətlərinin və əlaqələrinin gərginləşməsi şərtləndirəcək. Yəni, qlobal tarif və ticarət münaqişəsi Çin-Azərbaycan əməkdaşlığı üçün əlverişli rol oynayacaq və əlavə töhvələr verəcək.

Sözün qısası, Çinin Azərbaycanın ticarət dövriyyəsində tezliklə ən azı 3-cü və ola bilsin ki, hətta 2-ci yer tutacağı heç bir şübhə doğurmamalıdır.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Çin   Azərbaycan  





Xəbər lenti